Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev







“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda

edilmiş dəyişikliklər barədə məlumat

 

Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli, 1433-VQD nömrəli Qanunu ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilmişdir. 

Dövlət vəsaitləri hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə aşağıdakıları nəzərinizə çatdırırıq:

    

    1. Dövlət satınalmalarının planlaşdırılması

  • Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
  • Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
  • Satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər.
  • Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.
  • Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir.
  • Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz.
  • Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.
  • Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır.
  • Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiq etməsi şərti ilə belə təklifləri rədd edə bilər.

    2. Dövlət satınalmalarının vahid internet portalı

  • Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalı.

    3. Elektron satınalma

  • Qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma proseduru;
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.

    4. Davranış kodeksi

  • Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Təsdiq olunan davranış kodeksi ictimaiyyətə çatdırılmaq məqsədi ilə kütləvi informasiya vasitələrində və dövlət satınalmalarının vahid internet portalında dərhal dərc olunur. Davranış kodeksində aşağıdakı məsələlər əks olunur:
  • dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması məsələləri;
  • dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi;
  • dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları.

    5. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı

  • Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
  • Qalib təşkilatın müəyyən olunması.
  • Müqavilənin portal vasitəsi ilə imzalanması.
  • Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində müəyyənləşdirir.
  • Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur.
  • Açıq tenderin keçirilməsi zamanı qiyməti 100.000,0 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.
  • “Dövlət satınalmaları haqqında” Qanunun 56.3-cü maddəsinə əsasən şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri həmin şikayətin verildiyi tarixdən 10 bank günü ərzində yazılı qərar çıxarmalıdır.
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş digər dəyişikliklər barədə ətraflı məlumatın “tender.gov.az” internet səhifəsinin “Qanunvericilik” bölməsindən əldə edilməsi mümkündür.

 

 




, Sonrakı xəbərlər


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az